Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Avtomatik məlumat mübadiləsindən əldə olunan məlumatlardan istifadə" mövzusunda forumun iştirakçısı, Norveç Vergi Administrasiyasının böyük məsləhətçisi Oeystein Olsen "vergiler.az"a müsahibə verib.
- Cənab Olsen, Norveç vergi sistemini fərqləndirən cəhətlər barədə nə deyə bilərsiniz?
- Norveç Vergi Administrasiyasının əsas məqsədi vergilərin dəqiq hesablanmasını və toplanmasını təmin etməkdir. Norveçdə yerli hakimiyyət orqanları vergi dərəcələrini mərkəzi rəhbərlik tərəfindən müəyyən olunmuş limitlər çərçivəsində müəyyən etmək hüququna malikdir. Bununla yanaşı, vergi daxilolmalarının yerli administrasiyalar arasında bərabərsizliyini aradan qaldırmaq üçün vergi ofset siyasəti tətbiq edilir. Hər bələdiyyə və vilayətdə adambaşına düşən gəlirlər hesablanır və ölkədə adambaşına düşən ümumi vergi gəlirləri ilə müqayisə edilir. Bu işin nəticəsi cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Dövlət və bələdiyyə vergilərinin 80 faizi Vergi Administrasiyası tərəfindən idarə olunan vergi sistemi vasitəsilə toplanır.
- Ölkənizdə vətəndaşların vergi maarifləndirilməsi hansı yaşdan başlanır?
- Norveçdə vergi təliminə erkən yaşlardan başlanılır. Hesab edilir ki, bu, gələcəkdə könüllü vergi əməletmələrinə nail olmaqda əhəmiyyətli nəticə verə bilər. Məsələn, bizdə bir təlim proqramı var: 11 yaşdan etibarən məktəblilərə həftədə iki saat vergi dərsi keçilir. Bu sahə ilə bağlı təşkil olunmuş oyunlarda məktəblilər iştirak edirlər.
- Norveçdə vergidən yayınma ilə mübarizədə hansı üsullar üstünlük təşkil edir?
- Norveç vergi sistemi bu sahənin inkişafı üçün digər qurumlarla əməkdaşlıq edir. Lazım olarsa, işə kənar audit şirkətlərini cəlb edirik. Əməletmə üzrə şirkətlərin xidmətlərindən istifadə etməklə institusional səviyyədə vergidən yayınmanın qarşısı alınır. Əhali ilə işləmək və onların maarifləndirilməsi ən düzgün yol hesab olunur. Media vasitəsilə ödəyicilərə izah edirik ki, vergi ödənilməsə, uşaqlarınıza və özünüzə zərər verərsiniz.
- Elektron inzibatçılıqda hansı sadələşdirilmələr aparılır?
- Bütün formaların elektron təqdimatı hazırlanır. Kağız daşıyıcıların elektron təqdimatından sonra onların sadələşdirilməsi haqqında düşünmək olar. Daha sonra vergi ödəyiciləri üçün bu elektron təqdimatın doldurulması və təqdim edilməsi prosesi gəlir.
- Vergi inzibatçılığı prinsipləri hansılardır?
- Əsas məsələ vergi ödəyicisinə vergi sisteminin nə işlə məşğul olmasının izahını verməkdir. İnsanlara başa salmaq lazımdır ki, qanunlara əməl etmək əməl etməməkdən daha asandır.
- Hansı onlayn innovativ təlim üsullarından istifadə edirsiniz?
- Çalışırıq ki, vergi ödəyicisi sistemə daxil olanda düzgün məlumatlandırılsın. Bu istiqamətdə konkret təlimlər olmasa da, sistem bütünlüklə elektronlaşdırıldığı üçün saytdan istifadə edərkən yardım lövhəsi açılır və sorğu vasitəsilə bütün qaranlıq məsələlərə cavab tapılır.
Müsahibəni hazırladı:
Fəxriyyə İKRAMQIZI