Cari ilin yanvar-mart aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 8,8 milyard manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumatda bildirilir ki, sənaye məhsulunun 77,6 faizi mədənçıxarma, 18,6 faizi emal, 3,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 84,5 faiz təşkil edib. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,1 faiz olub. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 340,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 84,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.