450 mindən çox işçinin əməkhaqqı orta hesabla 30 faiz artıb

2019.03.05 18:11 (UTC+04:00)

Prezident İlham Əliyevin 2019-cu il 8 fevral tarixli sərəncamı ilə martın 1-dən minimum aylıq əməkhaqqı 50 manat (38,4 faiz) artırılaraq 130 manatdan 180 manata çatdırılıb. Bununla əlaqədar dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməkhaqlarının tənzimlənməsi üçün Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarda dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin vahid tarif cədvəli (VTC) ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləğləri müəyyən edilib. 19 dərəcədən ibarət VTC üzrə əməyin ödənilməsinin birinci dərəcəsindən başlayaraq, minimum əməkhaqqı 180 manata çatdırılmaqla, bütün dərəcələr üzrə əməkhaqqının artımı özünü göstərir.

Dövlət başçısının sərəncamı ilə dövlət sektorunda çalışan 450 min nəfərin əməkhaqqında
30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım olub

Eyni zamanda, Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 71 nömrəli qərarında dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşlarının minimum məbləği 180 manat müəyyən edilməklə, ali, 1-ci, 2-ci və 3-cü kateqoriya dövlət orqanları üzrə bu məbləğlər artır. Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 69 nömrəli Qərarında dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının və 70 nömrəli Qərarında büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb olunan işçilərin əməyinin saathesabı ödənilməsinin məbləğləri də müəyyən edilib.

Dövlət başçısının qeyd edilən sərəncamı ilə minimum əməkhaqqının məbləğinin artırılması 600 minədək insanı əhatə edir ki, onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım olub.