Kolumbiyada vergi islahatı təxirə salınıb

2021.05.03 13:41 (UTC+04:00)

Kolumbiyanın dövlət başçısı İvan Duke Markes televiziya ilə xalqa müraciət edərək vergi islahatının aparılması üçün digər partiyaların nümayəndələri ilə görüşüb, razılaşma əldə edəcəyini bildirib.

BBC-nin məlumatına əsasən, bu açıqlamaya qədər o, pandemiyanın iqtisadiyyata təsirləri səbəbindən vergi islahatının zəruri olduğunu bəyan etmişdi.
Prezidentin müdafiə etdiyi qanun layihəsinə qarşı on minlərlə insan öz etirazını bildirmişdi.

Sindikatların rəhbərliyi ilə təşkil edilən etiraz mitinqlərinə qoşulanlar nəzərdə tutulan vergi islahatının pandemiya şəraitində ən çox hazırda dolanışığı ağır olan ən yoxsul insanlara təsir göstərəcəyini iddia edirdilər. .

İvan Duke açıqlamasında ən çətin vəziyyətdə olan insanlara yardım göstərilməsinin zəruri olduğunu deyib: “İndi birlikdə işləməyin zamanıdır. Razılığa gəlməyimiz lazımdır. Mal və xidmətlərdən tutulan əlavə dəyər vergisində (ƏDV) artım olmayacaq”.

Qeyd edək ki, keçən il Kolumbiyada ümumi daxili məhsul 6,8 faiz azalmış və bu, son 50 ildəki ən böyük iqtisadi böhrana yol açmışdı. Daha bir ciddi problem isə ölkədə işsizliyin artmasıdır.

Vergi islahatına görə aylıq gəliri 656 ABŞ dollarından artıq olanlardan daha artıq vergi tutulması, ƏDV-nin artırılması nəzərdə tutulmuşdu.