Vergi və gömrük orqanlarında şəffaflığın təmin edilməsi səmərəli nəticəsini verir

2019.03.05 15:03 (UTC+04:00)

Prezident İlham Əliyev martın 5-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uzun illər çox uğurlu əməkdaşlığın davam etdiyini bildirərək, ümumi dəyəri 3,5 milyard dollardan artıq olan layihələrin həyata keçirilməsini bu qurumun Azərbaycana yaxşı tərəfdaş kimi münasibətinin nümayişi kimi dəyərləndirib və bütün bunlara görə Suma Çakrabartiyə təşəkkürünü çatdırıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən Suma Çakrabarti son illər ərzində Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində bir sıra sahələrdə, o cümlədən vergi sistemində dəyişikliklərin edildiyini, "ASAN xidmət" sisteminin əhatə dairəsinin genişləndirildiyini və digər istiqamətlərdə böyük uğurlar qazanıldığını qeyd edib. O, Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycanın 25-ci yerə yüksəlməsinin önəmini vurğulayaraq, bunu böyük uğur kimi dəyərləndirib.

Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini qeyd edən Prezident İlham Əliyev bu islahatların və eləcə də idarəçilikdə yeni yanaşma nəticəsində biznesin daha da inkişafı üçün əlverişli şərait yarandığını və büdcə gəlirlərinin artdığını deyib, ötən il, eləcə də bu ilin yanvar-fevral aylarında gəlirlərin plandan artıq daxil olduğunu bildirib. Dövlətimizin başçısı hazırda Azərbaycanda gömrük və vergi sistemlərinin birgə sıx fəaliyyət göstərdiklərini və bunun nəticəsində bu orqanlarda maksimum şəffaflığın təmin edilməsi istiqamətində səmərəli nəticələrin əldə edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bütün bu islahatlar və şəffaflığın təmin edilməsi əhali tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın düşünülmüş və düzgün inkişaf yolu ilə irəlilədiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin bu sahələrdə islahatların birinci hissəsinin başlanğıcında olduğunu, bu il və qarşıdakı illərdə də bütün bunların uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.

Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanla yeni sahələrdə əməkdaşlıqda maraqlı olduğu qeyd edilib və qeyri-neft sektorunun inkişafı, şəhərdaxili nəqliyyat, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.