Misirdə “Made in Azerbaijan” brendli məhsulların təqdimatı keçirilib

2021.04.30 10:53 (UTC+04:00)

Müqəddəs Ramazan ayı ərəb-müsəlman ölkələrində çox fərqli şəkildə keçir. Əhalisinin sayına görə ən böyük ərəb ölkəsi sayılan Misirdə də adətə uyğun olaraq, iftar süfrələri özünəməxsus şəkildə bəzədilir, müxtəlif rəngarəng tədbirlər təşkil edilir. COVID-19 pandemiyası səbəbindən bir çox məhdudiyyətlər mövcud olsa da, bu il də Misirin tanınmış beşulduzlu mehmanxanalarında hökumətin tövsiyələrinə uyğun şəkildə iftar süfrələri açılır.

Azərbaycanın Misirdəki səfirliyi Misirin tanınmış beşulduzlu “Concorde-El-Salam” hotelində “Made in Azerbaijan” brendli məhsulların təqdimatını təşkil edib. Təqdim olunan məhsullar sırasında müxtəlif çərəzlər, qoz, fındıq, badam, bəkməz, kişmiş, qaysı, meyvə şirələri, kompotlar, mürəbbələr, bal, şəkərbura, paxlava, qablaşdırılmış çay növləri olub.
İftar vaxtı keçirilən tədbir Misir ictimaiyyəti, o cümlədən dəvət olunan iş adamları və jurnalistlər, habelə hotelin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

“Made in Azerbaijan” brendli məhsullarımızın dadı və keyfiyyəti ilə tanış olan qonaqlar tədbirdən xeyli məmnun qaldıqlarını ifadə ediblər. Həmçinin bu tədbir iki ölkə arasında biznes mühitinin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malik olmaqla, misirli iş adamlarının diqqətini cəlb edib.