Aİ ilə Böyük Britaniya arasında ticarət münasibətlərini tənzimləyən saziş təsdiqlənib

2021.05.01 14:48 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Şurasının verdiyi açıqlamada Aİ ilə Böyük Britaniya arasındakı ticarət və əməkdaşlıq sazişinin son təsdiq prosesinin başa çatdığı, sazişin mayın 1-dən qüvvəyə minəcəyi bildirilib.

Bundan əvvəl isə Avropa Parlamenti də Aİ ilə Böyük Britaniya arasında gələcəkdəki iqtisadi və ticarət əlaqələrini müəyyənləşdirəcək sazişi səs çoxluğu ilə qəbul etmişdi.

Ticarət sazişinin şərtlərinə görə Aİ ilə İngiltərə mənşə qaydalarına uyğun gələn mallara gömrük vergisi və kvota tətbiq etməyəcək.

Sazişin şərtlərinə əsasən, tərəflər ətraf mühiti qoruyacaq və iqlim dəyişikliyinə qarşı mübarizəyə üstünlük verəcək sosial hüquqlar və işçilərin hüquqları tələblərinə əməl edəcək, rəqabətin ədalətli və bərabər şərtlər altında gerçəkləşməsini təmin edəcək, Aİ və Böyük Britaniya vətəndaşlarının sosial təhlükəsizlik hüquqları koordinasiya olunacaq.