Fransa texnoloji korporasiyalardan hər il yarım milyard avro vergi tutmaq niyyətindədir

2019.03.05 13:03 (UTC+04:00)

Fransanın iqtisadiyyat və maliyyə naziri Bryuno Le Mer bildirib ki, texnoloji nəhənglərin əlavə vergiyə cəlb olunması ilə bağlı onun irəli sürdüyü təklif qəbul ediləcəyi təqdirdə, ölkənin büdcəsinə hər il əlavə 500 milyon avro vəsait daxil olacaq. Nazir layihəni müzakirə üçün Nazirlər Şurasına təqdim edəcək və müzakirələrdən sonra baxılmaq üçün parlamentə göndəriləcək. Qanun layihəsində iri transmilli texnologiya şirkətlərinin Fransada əldə etdikləri dövriyyənin 3 faizinə əlavə vergi tətbiq olunması nəzərdə tutulub. Layihə illik dövriyyəsi 750 milyon avrodan yüksək olan şirkətləri əhatə edir. Layihə müəlliflərinin fikrincə, bu məbləğdən, heç olmasa, 25 milyard avro Fransa dövlətinə çatmalıdır. Sənəd təxminən 30 transmilli şirkəti əhatə edir ki, buraya "Google", "Amazon", "Facebook", "Apple", "Uber", "Airbnb", "Booking" və s. daxildir.