Qeyri-neft-qaz sektorunun özəl bölməsindən vergi daxilolmaları artıb

2021.04.29 11:55 (UTC+04:00)

Cari ilin birinci rübündə qeyri-neft-qaz sektorunun özəl bölməsindən 1,1 milyard manat məbləğində vergi daxilolmaları təmin edilib, daxilolmalar 15,8 faiz artıb. Özəl bölmənin qeyri-neft-qaz sektorundan ümumi daxilolmada payı 70,8 faizdən 76,1 faizə yüksəlib.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən bildirilib ki, qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında proqnozlara nisbətən daha çox yığım əsasən ƏDV, mənfəət və gəlir vergisi üzrə qeydə alınıb. ƏDV daxilolmalarında proqnoza nisbətən 28,1 faiz, mənfəət vergisi üzrə 25,7 faiz, gəlir vergisi üzrə 4,2 faiz, sadələşdirilmiş vergi üzrə 9,4 faiz daha çox vəsait daxil olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə ƏDV üzrə artım 10,1 faiz, aksizlər üzrə 42,6 faiz, mənfəət vergisi üzrə 11,2 faiz, gəlir vergisi üzrə 3,6 faiz, mədən vergisi üzrə 29,3 faiz, torpaq vergisi üzrə 36,2 faiz, əmlak vergisi üzrə isə 3,6 faiz təşkil edib.