Mart ayında OPEC və qeyri-OPEC ölkələri (“OPEC+”) neft hasilatının azaldılmasına dair öhdəliklərə 115 faiz əməl edib.
Bu barədə “OPEC+” nazirlərinin videokonfrans formatında keçirilən 16-cı iclasında deyilib.
Bildirilib ki, martda iştirakçı ölkələr gözləniləndən daha yüksək nəticə - sutkalıq 1,23 milyon barellik azalmaya nail olub. Lakin bəzi ölkələr hələ də minimum 100 faizlik əməletmə gözləntisini reallaşdıra və həddindən artıq istehsal edilmiş həcmləri kompensasiya edə bilməyib.
İclasda Səudiyyə Ərəbistanının aprel ayında da neft hasilatını sutkada 1 milyon barel könüllü tənzimləməsi təşəbbüsünün əhəmiyyəti vurğulanıb. Həmçinin yığıncaqda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrinin kommersiya neft ehtiyatlarının azalması tendensiyasının müşahidə edildiyi, lakin cari ilin mart ayında gündəlik 14,4 milyon barel artdığı və 2015-2019-cu illərdəki orta göstəricidən 77,4 milyon barel çox olduğu bildirilib.