OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin (“OPEC+”) Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti – 30-cu iclası iyunun 1-də keçiriləcək.
“OPEC+” nazirlərinin 17-ci toplantısı da videokonfrans formatında həmin gün təşkil olunacaq.
“OPEC+” Müştərək Texniki Komissiyasının (JTC) iclasının bir gün əvvəl keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, dünən keçirilən “OPEC+” nazirlərinin 16-cı videogörüşündə gündəlik xam neft hasilatının may, iyun və iyul aylarında tədricən artırılması ilə bağlı qərar qəbul edilib.
Xatırladaq ki, JTC və JMMC 2016-cı il dekabrın 10-da Avstriyanın paytaxtı Vyanada təşkil edilən OPEC və OPEC-ə üzv olmayan ölkələrin nazirlərinin ilk toplantısında imzalanan tarixi “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində yaradılıb. JTC neft bazarına dair təhlillər aparan və JMMC-yə təqdim edən texniki düşüncə mərkəzidir.