Ukraynada avtomobillərə görə tutulan vergilər artırılır

2021.04.27 13:46 (UTC+04:00)

Ukrayna hökuməti orta bazar qiyməti 200 minimal əməkhaqqından, başqa sözlə, 1,2 milyon qrivnadan və ya 73,4 min manatdan baha olan avtomobillər üçün nəqliyyat vergisinin bazasını genişləndirməyi planlaşdırır.

Hazırda ölkənin Maliyyə Nazirliyi Vergi Məcəlləsinə belə bir dəyişiklik üzərində iş aparır. Qanun dəyişikliyi ilə bağlı təşəbbüs isə Prezident ofisindən irəli sürülüb.

Sənəddə digər məsələlərlə yanaşı, yuxarıda qeyd edilmiş avtomaşınların sahiblərini qarşıdakı beş il ərzində hər il 25 min qrivna (1530 manat) məbləğində vergiyə cəlb etmək nəzərdə tutulur.

Qeyd edək ki, hazırda nəqliyyat vergisi 2,25 milyon qrivnadan və ya 137.680 manatdan (375 minimal əməkhaqqı) baha olan avtomobillərə görə tutulur. Bu avtomobillərin yaşı 5 ildən artıq olmamalıdır. Bu cür yığımları el arasında qeyri-rəsmi şəkildə “dəbdəbə vergisi” adlandırırlar.