Azərbaycana səfərlərlə bağlı qaydalara yenidən baxmaq təklif olunub

2021.04.26 17:56 (UTC+04:00)

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin birinci rübündə ölkəmizə gələn turistlərin sayında azalma davam edib, Azərbaycana 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az xarici vətəndaş gəlib. Səfər edənlərin çoxu qeyri-turizm məqsədilə gələnlərdir.
Millət vəkili Vüqar Bayramov COVID-19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalmasının gözlənilən olduğunu deyib. Bununla belə, yeni turizm mövsümü ərəfəsində ölkəyə səfərləri məhdudlaşdıran sərt qaydalara yenidən baxılmasına ehtiyac yarandığı vurğulanıb:
“Hazırkı qaydalara görə hətta PSR testinin nəticəsi neqativ olan əcnəbilər də ölkəmizə daxil ola bilməz. Halbuki test nəticələri neqativ olan şəxslərin potensial virus yayıcısı riski ciddi şəkildə aşağıdır. Buna görə də həmin şəxslərin səfərləri epidemioloji baxımdan hər hansı ciddi təhlükə yaratmır”.

Xatırladaq ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilərlər.