“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

2021.04.24 11:25 (UTC+04:00)

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (“AzerGold”) Müşahidə Şurasının 2021-ci il üzrə növbəti iclası keçirilib.

Azərbaycan İnvestisiya Holdinqinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən bildirilib ki, iclasda Müşahidə Şurasının üzvləri, "AzerGold"un İdarə Heyətinin sədri və üzvləri iştirak ediblər. Müşahidə Şurasının sədri Rövşən Nəcəf iclas zamanı vurğulayıb ki, Müşahidə Şurası hazırda "AzerGold"un funksionallığını daha da artırmaq istiqamətində fəaliyyət göstərir.

Müşahidə Şurası tərəfindən "AzerGold"un fəaliyyətinin qabaqcıl korporativ idarəetmə prinsiplərinə uyğun qurulması istiqamətində qərarlar qəbul edilib, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə atılacaq növbəti addımlarla bağlı beynəlxalq mütəxəssislərin iştirakı ilə təqdimat həyata keçirilib.

İclas iştirakçıları QSC-nin fəaliyyəti ilə bağlı aktual məsələlər, o cümlədən "AzerGold"un fəaliyyət sahələrinə aid siyasətlərin qəbul edilməsi ilə bağlı ətraflı müzakirələr aparıblar.