“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının iclası keçirilib

2021.04.24 10:58 (UTC+04:00)

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının sədri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Natiq Əmirovun sədrliyi ilə şuranın növbəti iclası keçirilib.

ASC-dən bildirilib ki, iclasda şura üzvləri - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri İnam Kərimov, həmçinin “Azərbaycan Sənaye Korporasiyası”nın Baş direktoru Kamran Nəbizadə və korporasiyanın digər vəzifəli şəxsləri iştirak ediblər.

Videokonfrans formatında keçirilən iclasda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin 2020-ci ilin yekunları üzrə maliyyə göstəriciləri, o cümlədən digər cari məsələlər müzakirə olunub, korporasiyanın fəaliyyətinə dair hesabatlar dinlənilib, müvafiq qərarlar qəbul edilib, eyni zamanda, Müşahidə Şurası tərəfindən strateji hədəflərlə bağlı əhəmiyyətli tövsiyələr verilib.