Əmək müqavilələrinin bağlanmasına nəzarət tədbirləri davam edir

2021.04.23 11:05 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsi hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Xidmətin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı daxil olan məlumat əsasında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində və Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsində fəaliyyət göstərən “Ucuzluq” adlı univermaqlarda operativ nəzarət tədbirləri həyata keçirilib.

Aparılan nəzarət tədbirləri zamanı Məmiyev Elşən Rəfiaddin oğluna məxsus univermaqda 24 nəfər, İsayev Cahid Müzəffər oğluna məxsus obyektdə isə 21 nəfər olmaqla, ümumilikdə 45 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetilməsinə cəlb edildiyi müəyyən edilib.

Əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş İsayev Cahid Müzəffər oğlu və Məmiyev Elşən Rəfiaddin oğluna barəsində tərtib olunmuş materialların hüquqi araşdırmaya göndərilməsi nəzərdə tutulub.

Dövlət Vergi Xidməti bildirir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklə qadağandır və bu işçilərin əmək və sosial hüquqlarının pozulmasına gətirir, habelə əmək münasibətlərin və gəlirlərin gizlədilməsinə yol açır. İşəgötürənlər belə hallara yol verməməli, əmək müqaviləsinin işçilərin əmək və sosial hüquqlarının təminatı rolunu oynadığını unutmamalıdır.