Azərbaycanın Ermənistandan tələb edəcəyi təzminatın məbləği qiymətləndirilir

2021.04.23 14:59 (UTC+04:00)

Millət vəkili Vüqar Bayramov bildirib ki, qiymətləndirmə başa çatdıqdan sonra təzminatın ödənilməsi üçün Ermənistan beynəlxalq məhkəmələrə veriləcək: “İşğalçı ölkə uzun müddət zəbt etdiyi torpaqlarımızda infrastruktur və ekoloji soyqırım edib. Demək olar ki, bütün tikililər dağıdılıb, meşələr məhv edilib. İşğaldan azad olunan yaşayış məntəqələrinin görüntüləri göstərir ki, əksər hallarda nəinki dağıldılmış evlərin yerlərini, hətta kəndlərin tam olaraq harada yerləşdiyini müəyyənləşdirmək çətindir.

Dünya Bankının metodologiyasına görə, ziyanın hesablanması dörd mühüm istiqamət üzrə aparılır:

- əmlak və infrastruktura dəyən ziyan;

- insanların həyatını itirməsi və məcburi köçkün həyatı yaşaması nəticəsində yaranan ziyan;

- iqtisadi nəticələrdən yaranan ziyan,

- insan inkişafına vurulan ziyan.

Yaxın Şərqdəki münaqişələr zamanı dəyən ziyan qiymətləndirilərkən bəlli olub ki, ümumi daxili məhsula (ÜDM) dəymiş kumulyativ ziyan infrastruktura və əmlaka vurulan ziyandan dəfələrlə çoxdur. Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanmasının ciddi ziyan olduğu hesablanır. Məsələn, Suriya münaqişəsi zamanı iqtisadi ziyan 226 milyard dollar hesablanıb ki, bu da həmin ölkənin müharibədən əvvəlki illik ÜDM-indən 4 dəfə çoxdur.

Bütün metodoloji dəyərləndirmələrə görə, Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan sadəcə onun varvarcasına etdiyi dağıntılar ilə məhdudlaşmır. Həmin ərazilərimizin böyük iqtisadi potensialını nəzərə aldıqda ÜDM-ə dəyən ziyanın da ayrıca hesablanmasına və təzminat məbləğinə daxil edilməsinə ehtiyac vardır. Artıq bununla bağlı Dünya Bankı, BMT kimi beynəlxalq institutların aydın metodologiyası var və ziyanın qiymətləndirilməsi prosesinə beynəlxalq ekspertlərin də cəlb edilməsi məbləğin daha dəqiq hesablanmasına imkan yaradacaq.

Ermənistanın işğal nəticəsində vurduğu ziyanın məbləği ilə bağlı fərqli rəqəmlər olsa da bu ziyanın miqyası milyard dollarlarla ölçülür. Konkret rəqəmlərin qiymətləndirmə başa çatdıqdan sonra ictimaiyyətə elan olunacağı gözlənilir.

Prosesin beynəlxalq ekspertlərin iştirakı ilə aparılması elan olunacaq rəqəmə beynəlxalq yanaşmada faydalı olacaq.

Qeyd edək ki, Birinci və İkinci Dünya müharibələrindən sonra dəymiş ziyana görə kompensasiyaların ödənilməsi təcrübəsi mövcuddur. Körfəz Müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52,4 milyard dollar müəyyənləşdirmişdi. Artıq həmin vəsaitin 48,7 milyard dollarının ödənilməsinə nail olunub”.

Millət vəkili dəymiş ziyanın məbləği hesablandıqdan sonra Azərbaycan da beynəlxlaq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən təzminatın ödənilməsini tələb etmək hüququndan istifadə edəcəyini deyib. Beləliklə, regionda proseslər yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu mərhələ həmçinin işğalçı Ermənistanın hərbi cinayətlərə görə cavab verməsi mərhələsi olacaq.