Nazirlər Kabinetinin təsdiqlədiyi “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası”na əsasən, bank hesabından çıxarılan pul vəsaitinin təyinatı nağd pulun alınmasında istifadə edilən çek kitabçasında, habelə bankın məxaric orderində göstərilən təyinatlar üzrə müəyyən edilir.
Dövlət Vergi Xidmətindən bildirilib ki, sözügedən qaydaya görə, vergiödəyicisi bank hesabından əməkhaqqı təyinatı ilə çıxardığı vəsaiti təsərrüfat xərcləri üçün istifadə etməməlidir.
Qaydanın 2.4-cü maddəsində qeyd edilir ki, pul vəsaiti vergiödəyicisinin səlahiyyət verdiyi şəxs və ya fərdi sahibkarın özü tərəfindən bank hesabından nağd qaydada çıxarıldığı halda, pul vəsaitləri həmin gün ərzində vergiödəyicisi tərəfindən kassa mədaxil orderi tərtib olunmaqla kassaya mədaxil edilir.
Kassa mədaxil orderində əks etdirilən bank hesabından nağd çıxarılmış pul vəsaitinin məbləği pulun alınmasında istifadə edilən çekin kötüyündə və bank hesabının çıxarışında göstərilən məbləğlə uyğun olmalıdır.
Göründüyü kimi, vergiödəyicisinin mütləq əməl etməli olduğu konkret tələblər mövcuddur.
Birinci tələb isə ondan ibarətdir ki, vergiödəyicisi bankdan çıxardığı vəsaiti həmin gün də kassaya mədaxil etməlidir.