ABŞ iqtisadiyyatı üçün qlobal korporativ verginin tətbiqi ciddi əhəmiyyət daşıyır

2021.04.22 14:23 (UTC+04:00)

ABŞ-ın maliyyə naziri Canet Yellenin dünyada vergi dərəcələrinin aşağı salınması sahəsində rəqabəti dayandırmaq və inkişaf etmiş ölkələrin hamısında korporasiyalar üçün vahid fiskal şərtlər yaratmaq məqsədilə qlobal miqyasda minimum korporativ vergi tətbiq etmək təklifi ilə çıxış etməsi maraqla qarşılandı. (Bu barədə: https://vergiler.az/news/international/12548.html)

C.Yellenin açıqlamasına görə, vahid minimal vergi dərəcəsi tətbiq olunmasa, Amerika şirkətləri vergi baxımından cəlbedici yurisdiksiyalara köçməyə davam edəcəklər. Rusiyanın “Vedemosti” qəzetinin şərhində göstərilir ki, bunun nəticəsində qarşıdakı 10 il ərzində Amerika xəzinəsi 2 trilyon dollardan məhrum olacaq. Şərhə əsasən, Amerikanın maliyyə dairələri büdcə və dövlət borcu kəsiri üzərində nəzarəti itirmək həddindədir.

Vəziyyəti yüngülləşdirmək üçün Prezident Co Bayden komandası ABŞ-da korporativ verginin dərəcəsini 21 faizdən 28 faizə qaldırmağı planlaşdırır. Buna görə də ABŞ Maliyyə Nazirliyi bu islahatın iri şirkətlərin başqa ölkələrə daşınacağından narahatdır.

Qeyd edək ki, hazırda OECD ölkələrində korporativ verginin orta dərəcəsi 24 faiz təşkil edir.