Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 4, 2 saylı binası üzrə 22, 3 saylı binası üzrə 52, 4 saylı binası üzrə 23, 6 saylı binası üzrə 159 və 7 saylı binası üzrə 243 mənzilin, ümumilikdə isə 503 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə bu il aprelin 21-də saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.
MİDA-nın mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, satışa çıxarılan 503 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.
“Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 18 min 138 nəfərdir.
Aprelin 21-də həyata keçirilən satış zamanı 503 mənzilin seçimində iştirak edənlərin sayı 1472 nəfər olub. Bu saata olan məlumata görə, seçilmiş 503 mənzilin 404-ü vətəndaşlar tərəfindən imzalanaraq ərizələri təqdim edilib.
Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq, gözləmə qaydasında mənzillərin seçimi isə 2021-ci il aprelin 26-da saat 11:00-da başlayacaq və aprelin 30-u saat 11:00-dək davam edəcək.
Qaydaya əsasən, satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər.
Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək.