Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, xüsusilə sənayeləşmə istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Reallaşdırılan bütün layihələr, ilk növbədə, ölkə iqtisadiyyatının inkişafını təmin etməklə yanaşı, vətəndaşların sosial rifahının və həyat tərzinin yaxşılaşmasına xidmət edir. Bu mənada aprelin 20-də Prezident İlham Əliyevin Hacıqabula səfəri və dövlət başçısının iştirakı ilə istifadəyə verilən yeni müəssisələr mühüm əhəmiyyət kəsb edir. Hacıqabul Sənaye Məhəlləsi də sahibkarlar üçün cəlbedici məkandır. Ələt Ticarət Limanına yaxın ərazidə yerləşən Hacıqabul sahibkarlar üçün əlverişli zona hesab olunur. Eyni zamanda, yeni Sənaye Məhəlləsinin istifadəyə verilməsi Hacıqabulun 400-ə yaxın sakininin məşğulluqla bağlı probleminin aradan qalxması, onların işlə təmin olunması deməkdir.
Bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, Hacıqabul-Muğan avtomobil yolunun yenidən qurulması isə bütövlükdə ölkədə yol infrastrukturunun inkişafının tərkib hissəsidir. Bu proses də, ilk növbədə, vətəndaşların rahatlığını təmin etməyə hesablanıb.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləməsi dövlətimizin başçısının hər bir vətəndaşa həssas yanaşmasının göstəricisidir. Aqrar sahənin inkişafı, dövlət səviyyəsində göstərilən dəstək və güzəştlər fermerlər üçün əlavə stimuldur. Ümumiyyətlə, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam edir. Azərbaycan üçün ənənəvi sayılan pambıqçılıq sahəsi inkişaf edir.
K.Nurullayeva vurğulayıb ki, Hacıqabulda yeni aqroparkların açılışı da vacib hadisədir: “İstehsal, emal və logistikanın bir müəssisə çərçivəsində cəmləşdirməsinin səmərəsini nəzərə alsaq, Prezident İlham Əliyevin də söylədiyi kimi, aqroparkların üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir və məhsuldarlıq daha yüksəkdir. Bu da ən müasir aqrotexniki tədbirlərin tətbiqi ilə əlaqədardır. Sevindirici haldır ki, Azərbaycanın əksər bölgələrində aqroparklar və fermer təsərrüfatları yaradılıb. Dövlət başçısı da artıq məlumat verdi ki, bütövlükdə əlliyə yaxın aqroparkın yaradılması nəzərdə tutulur. Aqroparkların yaradılması, həm də kəndlərdə yaşayan əhalinin sosial vəziyyətinin yaxşılaşması və məşğulluğun inkişafına xidmət edir. Bu da ölkədə həyata keçirilən iqtisadi siyasətin yalnız paytaxt və iri şəhərləri deyil, eyni zamanda regionları da əhatə etdiyini, eyni zamanda, bu priosesin balanslaşdırılmış formada həyata keçirildiyini göstərir”.
Deputat vurğulayıb ki, Hacıqabul rayonunda istifadəyə verilən yeni obyektlər onu deməyə əsas verir ki, pandemiyanın yaratdığı iqtisadi çətinliklərə baxmayaraq, heç bir sosial layihə təxirə salınmır və regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası davam etdirilir.