Muzdla çalışanların 915,5 min nəfəri dövlət sektorunda işləyir

2021.04.20 16:47 (UTC+04:00)

Cari il martın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 678,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 915,5 min nəfər, qeyri-dövlət sektorunda isə 763 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda 33,2 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 645,3 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 7,3 faizi tikintidə, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2 faizi mədənçıxarma sənayesində, 1,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 19,7 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi istirahət, əyləncə və incəsənət, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

Bu ilin yanvar-fevral aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 142,7 saat təşkil edib.