Bu il özünüməşğulluq proqramına cəlb olunanların sayı 2017-ci ilə nisbətən 13,6 dəfə artacaq

2021.04.20 16:28 (UTC+04:00)

İşsiz və işaxtaran vətəndaşların kiçik biznesə yiyələnməsinə imkan yaradan özünüməşğulluq proqramına cəlb olunanların sayı hər il əvvəlki illə nisbətən ciddi şəkildə artır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, özünüməşğulluq proqramının icrasına başlandığı 2017-ci ildə proqrama 1172 nəfər cəlb edilibsə, 2018-ci ildə bu göstərici 7267 nəfər, 2019-cu ildə 10 min 716 nəfər, 2020-ci ildə 12 min 548 nəfər təşkil edib.

2021-ci ildə isə hədəf 16 min şəxsin özünüməşğulluq proqramına cəlb edilməsidir. Bu da il ərzində proqrama cəlb olunanların sayının 2017-ci illə muqayisədə 13,6 dəfə artacağını göstərir.