Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, bu ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 4 milyard 515 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 2 milyard 903 milyon dollar, idxalın dəyəri 1 milyard 612 milyon dollar təşkil edib, nəticədə 1 milyard 291 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin eyni ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,5 faiz, real ifadədə 17,1 faiz, o cümlədən idxal 28,3 faiz, ixrac isə 10,6 faiz azalıb.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 90,9 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Hindistan, Gürcüstan, İspaniya, Almaniya, Ukrayna, Portuqaliya, Birləşmiş Krallıq, ABŞ, İran, Xorvatiya, Belarus, İsveçrə, Avstraliya, İsrail və Rumıniya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,1 faizi Rusiyanın, 14,8 faizi Türkiyənin, 12,6 faizi Çinin, 8,8 faizi Almaniyanın, 5,2 faizi ABŞ-ın, 3,9 faizi İranın, hər biri 3,8 faiz olmaqla Birləşmiş Krallıq və Ukraynanın, 3,1 faizi İtaliyanın, 2 faizi Norveçin, 1,9 faizi Koreyanın, 1,6 faizi Avstraliyanın, 1,5 faizi Polşanın, hər biri 1,4 faiz olmaqla Hindistan və Yaponiyanın, 1,3 faizi Fransanın, hər biri 1,2 faiz olmaqla Niderland və Braziliyanın, hər biri 1 faiz olmaqla Vyetnam və Belarusun, 13,4 faizi isə digər ölkələrin payına düşüb.
İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. İdxalın 66,6 faizini avtomobil, 15,9 faizini dəmir yolu, 12,2 faizini hava, 4,8 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,5 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.
İxracın 37,6 faizini İtaliyaya, 10,9 faizini Türkiyəyə, hər biri 7,8 faiz olmaqla Hindistan və Gürcüstana, 6,3 faizini İspaniyaya, 4,4 faizini Portuqaliyaya, 4,2 faizini Ukraynaya, 4,1 faizini Çinə, 3,2 faizini Rusiyaya, 2,2 faizini Xorvatiyaya, 1,6 faizini Birləşmiş Krallığa, 1,5 faizini Almaniyaya, hər biri 1,4 faiz olmaqla İsrail və Belarusa, 1,3 faizini İsveçrəyə, 1,2 faizini Rumıniyaya, 0,8 faizini Avstraliyaya, hər biri 0,5 faiz olmaqla Liviya və ABŞ-a, 1,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. İki ayda ixracın 87,1 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 8,1 faizini avtomobil, 3,2 faizini dəmir yolu, 1,4 faizini hava, 0,2 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri olub.
İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, şəkər, bitki yağları, alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edib.