Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətini qəbul edib

2019.03.04 12:36 (UTC+04:00)

Prezident İlham Əliyev martın 4-də Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyasının həmsədri İbrahim bin Əbdülrəhman əl-Ömərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, ölkəmizə səfərindən məmnunluq hissi keçirdiyini qeyd edən İbrahim bin Əbdülrəhman əl-Ömər Azərbaycanda gördükləri inkişaf proseslərinin nümayəndə heyəti üzvlərində dərin təəssürat yaratdığını vurğulayıb. Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycanda gedən böyük quruculuq işlərinin, ən müasir infrastrukturun yaradılmasının iqtisadiyyatın bütün sahələrinə, o cümlədən turizmin inkişafına böyük təkan verdiyini vurğulayıb.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq əlaqələrinin genişləndiyi, ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, bu səfərin və hökumətlərarası komissiyanın əməkdaşlığın inkişafı işinə töhfə verəcəyi qeyd olunub. Bildirilib ki, Səudiyyə Ərəbistanı Azərbaycanla əməkdaşlığı genişləndirməkdə və ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymaqda maraqlıdır. Məmnunluq ifadə olunub ki, bir il ərzində Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı dəfələrlə artıb.

Görüşdə ölkələrimiz arasında yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, energetika, investisiya, bərpa olunan enerji mənbələrinin yaradılması, turizm və turizm infrastrukturu, sənaye, kənd təsərrüfatı, neft-qaz, alternativ enerji, nəqliyyat və digər istiqamətlərdə əlaqələrimizin inkişaf perspektivləri müzakirə edilib, ticarət dövriyyəsinin artırılmasının və bunun üçün logistik və nəqliyyat imkanlarının araşdırılmasının vacibliyi qeyd olunub.