2018-ci ilin 3-cü rübündə Azərbaycanda muzdla işləyən 1 milyon 552,7 min nəfər əhalinin orta aylıq əməkhaqqı 540,5 manat təşkil edib.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, işləyən əhalinin regionlar üzrə bölgüsündə işçilərin sayına görə birinci yeri Bakı şəhəri (714,5 min nəfər) tutur. Aran, Gəncə-Qazax iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası da işçi sayının çoxluğuna görə regionlardan fərqlənir. Bu rayonlarda işçi sayı, müvafiq olaraq, 214 min, 140,8 min və 111,6 min nəfər olub. Ayrı-ayrı rayonlar üzrə isə ən çox işçi Naxçıvan şəhərində (57,5 min nəfər), ən az Naftalan (2,7 min nəfər), Xızı (3 min nəfər) və Qobustan (3,3 min nəfər) rayonlarındadır.
Dövlət Statistika Komitəsi rayonlar üzrə orta aylıq nominal əməkhaqqının məbləğinə dair göstəriciləri də açıqlayıb. Məlum olub ki, hazırda Azərbaycanda ən yüksək orta aylıq nominal əmək haqqı Bakı şəhərinin payına düşür - 785,6 manat. İqtisadi rayonlar üzrə ən yüksək orta aylıq nominal əməkhaqqı Naxçıvan Muxtar Respublikasında (429,4 manat) olub. Ən az isə əməkhaqqı alanlar Şəki-Zaqatala iqtisadi rayonunda qeydə alınıb - 284,7. Rayonlar üzrə ən yüksək orta aylıq əməkhaqqı siyahısında ilk 3 yeri Sədərək (484,8 manat), Şuşa (456,6 manat), Naxçıvan şəhəri (447,4 manat), ən aşağı isə Qax (255,7 manat), Zərdab (257,7 manat) və Ağcabədi (258,7 manat) rayonları tutur.
E. SALAHOV