Aprelin 16-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə “Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda vebinar keçirilib.
“Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda təşkil olunan vebinarda 30-dan artıq sahibkar və biznes assosiasiyalarının nümayəndələri iştirak edib. Sahibkarlığın İnkişafı Fondunun mütəxəssisləri sahibkarlara Fond tərəfindən təklif olunan maliyyə mexanizmləri, kreditlərin verilməsi şərtləri, müraciət forması və tələb olunan sənədlər barədə məlumat veriblər. Qeyd edilib ki, hazırda sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə Fond tərəfindən yeni maliyyə mexanizmləri işlənib hazırlanır və yaxın gələcəkdə sahibkarlar bu məhsul və xidmətlərdən istifadə imkanı əldə edəcəklər.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi bu cür tədbirlərin sahibkarlar arasında maarifləndirmə işinin həyata keçirilməsində əhəmiyyətini və gələcəkdə də davam etdirilməsinin zəruriliyini qeyd edib.
Tədbirdə sahibkarların təklifləri dinlənilib və iştirakçıların sualları cavablandırılıb.