BMT pandemiya dövründə varlananlardan əlavə vergi tutulmasını təklif edib

2021.04.19 18:03 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres BMT-nin İqtisadi və Sosial Şurasının İnkişaf Maliyyələşməsi Forumundakı çıxışında keçən il dünyanın ən varlı şəxslərinin sərvətində 5 trilyon dollarlıq artım olduğuna diqqət yönəldib.

COVİD-19 peyvəndinə əlçatanlığın bərabər olmadığını və peyvənd ehtiyatının dəyərinin 9 trilyon dolları keçdiyinin təxmin olunduğunu söyləyən A.Quterres epidemiyaya qarşı mübarizə ilə qlobal böhranın qarşısının alınması üçün birliyə və həmrəyliyə ehtiyac olduğunu vurğulayıb. O, çıxışında hökumətlərə yeni tip koronavirus epidemiyası dövründə zənginləşənlərə “həmrəylik” və ya “sərvət vergisi” tətbiq olunması təklifini irəli sürüb.

BMT Baş katibi G20 ölkələrinin yoxsul ölkələrin borclarını bu ilin sonuna qədər təxirə saldıqlarından məmnunluq duyduğunu, ancaq bu müddətin 2022-ci ili də əhatə edəcək şəkildə uzadılmasının zəruri olduğunu da bildirib.