İqtisadiyyat Nazirliyinin əməkdaşlarının vaksinasiyası davam edir

2021.04.17 11:58 (UTC+04:00)

Xəbər verildiyi kimi, İqtisadiyyat Nazirliyinin təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində COVID-19 əleyhinə səyyar vaksinasiya məntəqəsi təşkil edilib və nazirliyin könüllü olaraq peyvənd olunmaq istəyən əməkdaşları üçün hər cür şərait yaradılıb.

Nazirlikdən bildirilib ki, bu həftə ərzində İqtisadiyyat Nazirliyinin və tabeliyindəki qurumların 1700-dək əməkdaşı vaksinasiya üçün müraciət edib.

Ümumilikdə isə koronavirus infeksiyasına qarşı vaksinasiya başlayandan indiyədək İqtisadiyyat Nazirliyinin və tabeliyindəki qurumların 3100-dən çox əməkdaşı peyvənd olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, İqtisadiyyat Nazirliyi və tabeliyindəki qurumların əməkdaşlarının koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi mərhələli şəkildə davam etdirilir.