Kölgə iqtisadiyyatına qarşı mübarizə, o cümlədən qeyri-rəsmi məşğulluğun aradan qaldırılması və sahibkarlıq fəaliyyətinin rəsmiləşdirilməsi davamlı və dayanıqlı iqtisadi inkişafın mühüm amilləri sırasındadır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) şəffaflıq prinsipinə əsaslanan və leqal sahibkarlıq fəaliyyətini təşviq edən layihə və təşəbbüsləri daim dəstəkləyir.
KOBİA-dan bildirilib ki, bu yaxınlarda fəaliyyətə başlamış “Çak çuk” startap layihəsi belə təşəbbüslərdən olmaqla, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasını və düzgün uçotun aparılmasını təşviq edir. Qeyd edək ki, ev təmizliyi, usta, bərbərxana və sair kimi 9 kateqoriya üzrə 180-dək xidmətin təqdim olunduğu “Çak çuk” (http://www.cakcuk.az/) onlayn platforması bu xidmətləri göstərən şəxsləri (icraçı) və bu xidmətlərə ehtiyacı olanları (müştəri) bir araya gətirir. Yalnız rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər platforma üzərindən xidmət təmin etmək üçün qeydiyyatdan keçə bilir. Platforma üzrə ödənişlərin onlayn qaydada həyata keçirilməsi isə şəffaf mühasibatlığın aparılmasına imkan verir.
Startap layihəsinin vətəndaşlar üçün faydası ev xidmətlərinin bir platformada təqdim olunması, xidmət vaxtını və icraçını seçmək, sifariş prosesini izləmək və nəticəni qiymətləndirmək imkanı, görülən işə zəmanət verilməsidir. Ev xidmətləri göstərən iş axtaranlar üçün isə onlayn platforma davamlı olaraq iş imkanları təklif edir.