Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Avtomatik məlumat mübadiləsindən əldə olunan məlumatlardan istifadə" mövzusunda forumun iştirakçısı, Belçika Maliyyə Nazirliyi, Federal Xidmətinin attaşesi Seline Lepage suallarımızı cavablandırıb:
- Xanım Lepage, forumda iştirakın üzv ölkələr üçün əhəmiyyəti nədən ibarətdir?
- Biz bu tədbirdə müxtəlif ölkələrin vergi qanunvericiliyi ilə bağlı yanaşmaları və baxışları ilə tanış olduq. CRS-lə bağlı əldə etdiyimiz məlumatların emal edilməsi, onların məxfiliyinin qorunması, daha sonra isə həmin məlumatlardan istifadə ilə bağlı beynəlxalq təcrübə ilə tanış olduq və ölkəmizə qayıtdıqdan sonra bizə maraqlı olan məqamları öz ölkəmizdə də tətbiq etməyə çalışacağıq.
- Belçikada vergi inzibatçlığı hansı üsullarla həyata keçirilir?
- Belçika Krallığı dünyada vergilərin həcminə görə lider ölkələrdən biridir. Ölkəmiz inkişaf etmiş iqtisadiyyata malikdir, xidmətlərin və məhsulların idxalına meyillidir. Vergi administrasiyasının müxtəlif sahələri əhatə edən şöbələrindən biri də CRS, yəni avtomatik məlumat mübadiləsi ilə məşğul olan şöbədir. Bu şöbə məlumatların yoxlayıcı (auditlə məşğul olan) departamentə göndərilməsi, təqdim edilməsi ilə bağlı müvafiq işləri görür. Səlahiyyətli orqan çərçivəsində məlumatların məxfiliyinin qorunması ilə məşğul olan şöbə isə nəinki CRS məlumatlarının, həmçinin vergi sisteminə aid məlumatların məxfiliyinin qorunmasını təmin edir.
- Könüllü ödəməni inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?
- Vergi ödəyiciləri ilə əlaqələrin qurulması əsas şərtdir. Məlumatlandırma məktubları göndərilir, vətəndaşlara media və veb-saytlar vasitəsilə CRS-in nə olması barədə məlumatlar verilir ki, onlar da bu sistemin əhəmiyyətini anlasınlar və buna hazır olsunlar, məlumatların dürüstlüyünü və tamlığını təmin etsinlər. Aydındır ki, vergi ödəyiciləri ilə vergi orqanları arasında müəyyən anlaşma olmalıdır. Amma vergi ödəyicisi bu öhdəlikləri yerinə yetirmirsə, son məqam sanksiyaların tətbiq edilməsidir.
Müsahibəni hazırladı:
Fəxriyyə İKRAMQIZI