- Ruslan müəllim, İslam maliyyəsi, İslam bankçılığı nədir və necə idarə olunur?
- XX əsrin ortalarında İslam prinsiplərinə əsaslanan yeni bank modelinin qurulması ideyası ətrafında elmi müzakirələr başladı və müsəlman iqtisadçı alimlər tərəfindən bir sıra tezislər irəli sürüldü. Əvvəlcə nəzəriyyə kimi ortaya çıxan İslam bankçılığı 60-cı illərdə maliyyə institutu kimi formalaşmağa başladı. İslam bankçılığının yarandığı ilkin dövrlərdə bu tip maliyyə qurumları yalnız müştərilərdən əmanətlər toplayır, həmin vəsaiti iş adamlarına təqdim edərək birgə iqtisadi fəaliyyətin idarə olunması ilə məşğul olurdular. Sonralar isə artıq müştərilərə iqtisadiyyatın, demək olar ki, bütün sahələri (buraya spirtli içki, tütün istehsalı və s. kimi şəriət prinsiplərinə əks olan sektorlar aid edilmir) üzrə faizsiz kreditlərin verilməsi, icarə, pul köçürmələri, o cümlədən ayrıca sığorta xidmətləri və faizlə əlaqəsi olmayan ənənəvi bankların həyata keçirdiyi hər növ maliyyə xidmətlərini təklif edirlər.
- İslam bankçılığında kapitalın iqtisadiyyatda yeri və rolu nədən ibarətdir?
- Azərbaycanda mövcud olan mikromaliyyə institutlarının təklif etdikləri maliyyə vəsaitlərinə kiçik və orta sahibkarların əlçatanlığı baxımından yüksək faiz dərəcələrinin olmasını, ağır girov şərtlərini, kiçik məbləğdə vəsaitlərin verilməməsi və s. kimi bir sıra problemlər var. Bu da sahibkarın götürdüyü vəsaitdən gəlir əldə edib-etməməsindən asılı olmayaraq verilmiş borcun üzərinə faiz gəlir. İslam maliyyə sistemində isə sahibkarlara təqdim olunan vəsaitlərə görə heç bir faiz ödənilmir. Burada birgə iş qurulur və hər iki tərəf formalaşdırılmış biznesin xeyirinə və ziyanına ortaq olur. Ümumiyyətlə, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı baxımından İslam maliyyə sisteminin vəsaitindən istifadənin əhəmiyyətini bu şəkildə sıralamaq olar:
- Muharaba yolu ilə avadanlığa ehtiyacı olan kiçik sahibkarlıq subyektlərinin asan yolla öz ehtiyaclarını ödəyə bilmələri;
- İslam bankçılığının mudaraba maliyyə aləti vasitəsilə gənc sahibkarların ilkin öz vəsaitləri olmadan belə mudaribin (bankın) maliyyə imkanlarından istifadə edərək layihələrini reallaşdırmaq imkanları;
- İcarə yolu (lizinq) ilə kənd təsərrüfatı, tikinti, nəqliyyat və s. texnikanı əldə edərək fərdi biznesini irəli aparmaq;
- Biznesin uğursuzluğu zamanı sahibkar aldığı borca görə heç bir faiz ödəmədən yalnız cəlb etdiyi maliyyə vəsaitinin ümumi işə dəymiş ziyanın pay hesabına görə hissəsi çıxıldıqdan sonra qalan məbləği geri qaytarmaq asanlığı;
- Gənclərin, təhsil alanların, yeni ailə quranların, şəxsi biznesə başlamaq üçün heç bir imkanı olmayanların heç bir faiz ödəmədən kiçik borcların alınması imkanları və s.
- İslam maliyyəsində faiz, mənfəət, komissiya kimi iqtisadi anlayışlar necə izah olunur?
- İslam maliyyəsində faiz ortaqların bölgüsünü ifadə etmək üçün istifadə olunur. Bununla yanaşı, bank göstərdiyi iş və xidmətə görə komisyon (haqq) tuta bilər. İslam maliyyəsinin muşarəkə və mudaraba alətləri sonda xalis mənfəətdən pay nisbətinə görə gəlirin əldə olunmasına dayanır. Bu baxımdan, xalis mənfəət gəlirdən xərclərin çıxılması və mənfəət vergisinin ödənilməsindən sonrakı hissə başa düşülür. Prinsipcə ümumi iqtisadi anlayışlarla eynilik təşkil edir.
- İslam bankçılığında müasir alətlər necə tətbiq olunur?
- İslam bankçılığında artıq son illər Fintexlərin istifadəsi geniş yer tutur. Bundan əlavə, plastik kartlardan, mobil tətbiqlərdən və internet bankçılığından da geniş istifadə olunur.
- Kapital bazarında investorlar daha çox hansı maliyyə alətlərinə üstünlük verirlər?
- İnvestorların əksəriyyəti onlara daha geniş ödəniş və investisiya seçimi imkanları yaratdığına görə sukuka daha çox üstünlük verirlər.
Sukukun maliyyə vəsaitlərinə ehtiyacı olanların, yəni korporativ sektorun, dövlətin, ticarət investorlarının, institutsional investorların və maliyyə investorlarına qədər bütün növ sərmayəçilərin tələbatlarının qarşılanması baxımından bir sıra üstün cəhətləri vardır. Kapital bazarından investisiya cəlb edənlər sukuk bazarı vasitəsilə birbaşa maliyyə vəsaitlərinə çıxış imkanı əldə edirlər. Sukuk bazarından istifadə etməklə onlar maliyyələşmə xərclərini minimuma endirə bilirlər.
Rəsmi olaraq sukuk onun investorlarının (sərmayəçilərinin) əlindəki kapitalının payçılıq prinsipləri əsasında aktivlər tərəfindən yaradılan pul vəsaitlərinin hərəkəti ilə əlaqələndirilmiş və təyin olunmuş müddətdə risk və gəlirlə əldə olunan mənfəətini ifadə edir. Sukuk ənənəvi qiymətli kağızlara bənzəyir, o da sonda gəlir gətirəcəyi gözlənilən bir maliyyə alətidir. Lakin bunların arasındakı başlıca fərqlərdən biri budur ki, istiqraz öz sahibinin xalis borcunu ifadə edir, sukuk isə emitentin kredit qabiliyyətliliyinə əlavə olaraq həmin aktivə sahiblik hüququnu da daşıyır.
- İslam maliyyəsində sığorta məsələləri necə tənzimlənir?
- İslam sığorta sistemində sığortaedənlər öz sığorta haqlarını ümumi hovuza qoyurlar. İl ərzində müxtəlif sığorta hadisələrinə görə zərərçəkmişlərə pul ödənilir. İlin sonunda sığorta şirkəti xalis mənfəəitini hesablayır. Ənənəvi sığorta şirkətlərindən fərqli olaraq İslam sığorta (təkaful) müəssisələri öz sığortaedənlərinə dividend də paylayır.
Fərqanə ALLAHVERDİQIZI