İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə nəzarət tədbirlərini davam etdirir.
Xidmətin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı daxil olan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində fəaliyyət göstərən corab istehsalı sexində və Nərimanov rayonunda fəaliyyət göstərən mebel sexində operativ nəzarət tədbirləri həyata keçirilib. Araşdırma zamanı fiziki şəxslər - Qəhramanov Elçin Mərdan oğluna məxsus mebel sexində 11 nəfər, Ələkbərzadə Rza Nazim oğluna məxsus corab istehsalı sexində isə 12 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetilməsinə cəlb edildiyi faktı aşkar olunub ki, bu da əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulması deməkdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir daha vergi ödəyicilərini qanunvericilyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır və bildirir ki, bu cür halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində bundan sonra da müvafiq tədbirlər görüləcəkdir.