Aİ Çindən idxal olunan alüminiuma əlavə vergi tətbiq etməyə başlayıb

2021.04.15 18:13 (UTC+04:00)

Avropa İttifaqının (Aİ) “Rəsmi qəzet”ində Çin mənşəli bəzi alüminium məhsullarının ixracına müvəqqəti dempinq vergisinin tətbiqi barədə qərar nəşr edilib. Həmin qərara əsasən, Çində alüminium istehsalında istifadə edilən xammal, enerji və işçi qüvvəsi qiymətlərinin sərbəst bazar şərtlərinə uyğun olmadığı və bunların dövlət müdaxiləsinin təsirinə məruz qaldığı səbəbilə həmin məhsullara 19,3-46,7 faiz səviyyəsində müvəqqəti dempinq vergisi tətbiq olunacaq.

Bundan əvvəl Mərkəzi ofisi Brüsseldə yerləşən “European Aluminium” Çinin alüminium sektorunda dempinq tətbiq etdiyi iddiası ilə Aİ Komissiyasına şikayət etmiş və 2020-ci ildə Aİ Çindən idxal edilən alüminium məhsullarına dempinq tətbiq edilib-edilmədiyini müəyyənləşdirmək məqsədilə araşdırma başlamışdı. Hazırda tətbiq olunan müvəqqəti vergilər həmin araşdırma başa çatana qədər qüvvədə qalacaq.