Karantin rejiminin pandemiya şərtlərinə uyğunlaşdırılması təklif olunub

2021.04.13 14:07 (UTC+04:00)

Millət vəkili Vüqar Bayramov pandemiya dövründə turizm sektorunun üzləşdiyi çətinlikləri şərh edərkən bildirib ki, ölkəmizə gələnlərin əksəriyyəti daha çox qeyri-turizm məqsədilə səfər edib: “Bu müddətdə gələnlərin sayında Gürcüstandan - 16,3 dəfə, Qazaxıstandan - 11,1 dəfə, Türkmənistandan - 10 dəfə, Özbəkistandan - 6,3 dəfə, Rusiya Federasiyasından - 5,1 dəfə, Ukraynadan - 4,5 dəfə, Böyük Britaniyadan - 4,4 dəfə, Belarusdan - 2,6 dəfə, İrandan - 2,5 dəfə, Türkiyədən - 2,3 dəfə azalma olub. COVID-19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi. Bununla belə, sərt karantinin tətbiq olunmadığı müddətdə ölkəmizə gəlişlə bağlı sərt qaydalar qüvvədə saxlanılıb. Yeni turizm mövsümünün başlanmasına az zaman qaldığını nəzərə alsaq bu qaydaların dəyişdirilməsinə ehtiyac var. Əksər hallarda turistlər səfərlərini öncədən planlaşdırırlar və bu sərt qaydaların saxlanması pandemiya yumşalacağı halda ölkəmizə gələn turistlərin sayına təsir göstərə bilər”.