İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin və Türkiyə Katılım Bankalar Birliyinin (TKBB) birgə təşkilatçılığı ilə Azərbaycanda “İslam maliyyəsi əməliyyatları” mövzusunda təlimlər başlayıb. Tədbirin əsas məqsədi dünyanın 102 ölkəsində tətbiq olunan İslam maliyyəsi, bankçılığı və sığortası sahəsində Azərbaycanda da mütəxəssislərin hazırlanmasıdır.
Birinci mərhələdə TKBB Müşahidə Şurasının üzvü Mustafa Afşin Sancar və Kuveyt Türk Katılım Bankası satınalma qrup müdiri Mustafa Dereci İslamın iqtisadi fəlsəfəsi, bank və maliyyə idarəetməsi, bu sahədə qonşu Türkiyənin təcrübəsi barədə ətraflı məlumat veriblər. İştirakçılara İslam bankının iş prinsipləri, maliyyə alətləri, vəsaitlərin idarə olunması qaydaları izah edilib.
Növbəti mərhələdə “İslam bankçılığının tətbiqi”; “Təkafül (İslam) sığorta sistemi və sükuk (İslam istiqrazları) mövzularının müzakirə edilməsi planlaşdırılıb.
Beşgünlük təlimin sonunda iştirakçılara TKBB-nin beynəlxalq səviyyəli sertifikatı veriləcək.