Bu addımın ticarət sahəsində ziddiyyətlərin aradan qaldırılması üçün yol axtarmaq məqsədi daşıdığı bildirilir. Avropa Komissiyası (AK) sədrinin müavini Valdis Domrovskis “Der Spiegel” jurnalında nəşr olunmuş müsahibəsində problemin danışıqlar yolu ilə həllinə nail olmaq üçün bütün qarşılıqlı rüsumların altı ay müddətinə qüvvədən salınmasını təklif etdiklərini vurğulayıb: “Bu, okeanın hər iki üzündə sənaye və işçilər üçün zəruri olan nəfəs dərməyə imkan yaradacaq”.
Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında o vaxt ABŞ prezidenti olan Donald Tramp administrasiyası Avropa İttifaqından (Aİ) ABŞ-a idxal edilən mallara 25 faiz, başqa sözlə, 7,5 milyard dollar həcmində rüsum tutmaq barədə qərar vermişdi. Bunun qarşılığı olaraq Aİ də idxal edilən ABŞ məhsulları üçün illik təxminən 4 milyard dollar məbləğində rüsum tətbiq etməyi qərara almışdı.