Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmalar 2 dəfəyədək artıb

2021.04.10 15:33 (UTC+04:00)

Cari ilin ilk rübündə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2 min 468 vaqonla 154 min 836 ton yük daşınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Anadolu agentliyinə açıqlamasında deyib. Nazir bildirib ki, yeni nəqliyyat dəhlizlərinin təməli olan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımalar sürətlə artır.

Türkiyənin nəqliyyat və infrastruktur sahəsində böyük layihələr həyata keçirdiyini diqqətə çatdıran A.Karaismailoğlu deyib ki, Bakı-Tbilisi-Qars xətti üzərindən qurulan Türkiyə-Rusiya (Türkiyə-Gürcüstan-Azərbaycan-Rusiya) “Şimal-Cənub” nəqliyyat dəhlizi daşınan müxtəlif təyinatlı yüklərin nəqlində böyük artım gözlənilir.