Rusiya vergilərin rəqəmsal rubl ilə ödənilməsinə hazırlaşır

2021.04.12 13:57 (UTC+04:00)

Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavini Olqa Skoroboqatova Moskvada keçirdiyi mətbuat konfransında ölkənin rəqəmsal rubl planları ilə bağlı açıqlama verib.

Rəqəmsal rublun ilk mərhələdə vergi ödəmələrində istifadə edilə biləcəyini vurğulayan O.Skoroboqatova deyib: “Rəqəmsal rubl bütünlüklə rəqəmsal pul kisələrində saxlanılacaq. Şəxslərin və şirkətlərin rəqəmsal pul kisələrində saxlaya biləcəkləri rəqəmsal rublun həcmi ilə bağlı isə hər hansı məhdudiyyət qoyulmayacaq”.

Rusiyanın rəqəmsal rubl testlərinə gələn il başlayacağını qeyd edən Mərkəzi Bank rəsmisi testləri 2022-ci il boyunca həyata keçirəcəklərini, daha sonra isə rəqəmsal rublun izləyəcəyi yol xəritəsini müəyyənləşdirəcəklərini bildirib.

O.Skoroboqatovanın sözlərinə görə, şəxsdən-səxsə rəqəmsal rubl köçürməsinin ödənişsiz olacağı planlaşdırılıb.

Qeyd edək ki, Rusiya Federasiyası Mərkəzi Bankının keçən ilin oktyabr ayında yaydığı açıqlamada rəqəmsal rublun tədavülə buraxılması prosesinin qiymətləndirildiyi, nağd və nağdsız ödəmələrlə birlikdə rəqəmsal rublun yeni, əlavə ödəmə forması ola biləcəyi göstərilmişdi.