ABŞ hökuməti bütün dünyada korporativ verginin minimal dərəcəsini tətbiq etmək təklifini irəli sürüb

2021.04.08 13:19 (UTC+04:00)

ABŞ-ın maliyyə naziri Canet Yellen qlobal miqyasda minimal korporativ vergi dərəcəsinin müəyyənləşdirilməsi zəruri olduğunu bəyan edib. Bundan əvvəl prezident Co Baydenin təqdim etdiyi ABŞ iqtisadiyyatının dəstəklənməsinin ikinci paketində müəssisələrin mənfəət vergisinin 21 faizdən 28 faizə qaldırılması nəzərdə tutulur. Əvvəllər bu verginin dərəcəsi 35 faiz olmuş, 2017-ci ildə isə Donlad Trampın islahatları çərçivəsində 21 faizə endirilmişdi.

C.Yellenin sözlərinə görə, ABŞ hökuməti hamı üçün korporativ verginin minimum dərəcəsini müəyyənləşdirmək məqsədilə G20-yə daxil olan iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə birgə iş aparacaq. “Rəqabətqabiliyyətlilik – təkcə mərkəzi ofisi ABŞ-da yerləşən şirkətlərin digər şirkətlərlə saziş imzalayarkən rəqabət aparmasından ibarət deyil. Söhbət ondan gedir ki, hökumətlərin əsas ictimai rifah sahələrində investisiya qoymaq üçün kifayət qədər gəlir gətirən sabit vergi sistemləri olsun”, - xanım C.Yellen bildirib.