Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə həyata keçirdiyi “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”nın ilk layihəsi olan “Biznesini yarat marafonu”na həsr edilmiş onlayn görüş keçirilib.
Görüşdə dövlət rəsmiləri, həmçinin gənclər təşkilatları və könüllü hərəkatlarının 1000-ə yaxın üzvü iştirak edib.
AZGF-dən bildiriblər ki, tədbirdə çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyəti sədrinin müşaviri Nadir Adilov gənclərin məşğulluğunun artırılması və sahibkarlıq fəaliyyətinə dəstək verilməsi istiqamətində mövcud dövlət mexanizm və proqramları barədə məlumat veriblər.
Qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətində əsas istiqamətlərdən birini gənclərin peşə hazırlığı, məşğulluğunun təmin olunması, sahibkarlıq təşəbbüslərinin (“start-up”) dəstəklənməsi təşkil edir. Bu xüsusda, bir neçə layihəni özündə birləşdirən “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı” gənclərin bilik və bacarıqlarının artırılması, innovativ ideyalarının reallaşdırılması, o cümlədən məşğulluqlarının təmin edilməsi, gənclərin əmək bazarında rəqabətə davamlılığının artırılması və mövcud potensiallarının reallaşdırılması imkanı yaradır.
Proqramın ilk layihəsi olan “Biznesini yarat marafonu” gənclərin sahibkarlıq ideyalarına dəstək verilməsini ehtiva edir.
“Biznesini yarat marafonu”na bu günədək 500-dən çox gənc müraciət edib. Son müraciət tarixi aprelin 10-dəkdir.
Layihəyə qoşulmaq üçün 18-29 yaş kateqoriyasındakı gənclər reallaşdırmaq istədikləri biznes ideyalarını qısa videoçarx şəklində proqramın veb-saytında (www.gənc.az) və ya “GencAPP” mobil tətbiqində yerləşdirməlidir.