“Baku Transit Forum 2021: Smart City” adlı beynəlxalq konfrans keçirilib

2021.04.06 17:49 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport.az” internet portalı Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə “Baku Transit Forum 2021: Smart City” adlı beynəlxalq onlayn tədbir keçirib. Tədbiri giriş sözü ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı açıb. Daha sonra Beynəlxalq Bank sədrinin müavini Elmir Həbibullayev, “Visa” şirkətinin departament rəhbəri Andrey Aleykin, Mərkəzi Bankın nümayəndələri çıxışlar ediblər.

İİTKM-dən bildirilib ki, “Baku Transit Forum 2021: Smart City” adlı beynəlxalq tədbir bir neçə panel müzakirələri ilə davam edib. Müzakirələrdə Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələri təmsil edən dövlət qurumlarının nümayəndələri və qabaqcıl şirkətlərin rəhbərləri nəqliyyat infrastrukturunda tətbiq olunan yeni nəsil nağdsız ödəniş texnologiyaları, innovativ layihələr, “ağıllı şəhər” modelinin qabaqcıl nümunələri, iqtisadi və sosial faydaları, nəqliyyat infrastrukturunda əldə olunan nailiyyətlər və perspektivləri barədə təqdimatlarla çıxış ediblər.

Beynəlxalq foruma 100-dən çox iştirakçı qatılıb.