Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar

2021.04.06 13:40 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə hüquq/konsantinq şirkətləri ilə “Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar” mövzusunda vebinar formatında görüş keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı Baş İdarəsinin Hüquqi şəxslərin təhlili şöbəsinin rəisi Hüsniyyə Abdullayeva görüş iştirakçılarına kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar və elektron sistemin yeni imkanları barədə ətraflı məlumat verib. O, həmçinin, elektron imza olmadan mobil nömrə və FİN kodla yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin onlayn dövlət qeydiyyatı prosesi haqqında danışıb.

Daha sonra FİN kod və mobil nömrə ilə qeydiyyat prosesini təsvir edən “Uğurlu biznes asan qeydiyyat prosesindən başlayır” adlı video-çarx nümayiş etdirilib.

Tədbirin sonunda görüş iştirakçılarının kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində islahatlara dair sualları cavablandırılıb.