Vergi Xidmətində Vətən müharibəsində iştirak etmiş əməkdaşlarla görüş olub

2021.04.06 12:08 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Vətən müharibəsində iştirak etmiş vergi əməkdaşları ilə görüş keçirilib.

Vergi Xidmətindən bildirilib ki, əvvəlcə torpaqlarımızın azad olunması uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müzəffər Ordumuzun şücaəti nəticəsində topraqlarımızın işğaldan azad olunduğunu, Azərbaycanın Vətən müharibəsində böyük zəfər qazandığını vurğulayıb.

Onun sözlərinə görə, 44 günlük müharibədə tarix yazan rəşadətli Ordumuz, qəhrəman əsgər və zabitlərimiz Qələbə əzmini, hərb meydanında yüksək döyüş məharətini və vətənə ülvi məhəbbətini bütün dünyaya nümayiş etdiriblər.

Rəis müavini Ordumuzla, qəhrəman əsgər və zabitlərlə bütün Azərbaycanın fəxr etdiyini, Dövlət Vergi Xidmətin döyüşdə xüsusi şücaət göstərən bir qrup əməkdaşının Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə medallarla təltif olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, Vətən müharibəsində iştirak etmiş əməkdaşlara iqtisadiyyat naziri tərəfindən təşəkkür elan edilib.
Görüşdə tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən də bəhs edilib. Əməkdaşlar müharibə barədə xatirələrini danışıb, şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə ediblər.

Sonda İ. Vəliyev iştirakçılara təşəkkürnamələri təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.