Rusiyada siqaretlərin məcburi nişanlanmasına başlanılıb

2019.03.02 18:40 (UTC+04:00)

Mart ayının 1-dən ölkədə siqaret və papirosların rəqəmlər vasitəsilə nişanlanmasına başlanılıb. Lakin rəqəmli kodlarla işarələnmiş məhsullar mağazalarda dərhal kütləvi şəkildə müşahidə edilməyəcək – iyul ayının 1-dək istehsalçıların və satış nöqtələrinin nişanlama sistemində qeydiyyata alınması nəzərdə tutulur. Məcburi işarələnmənin tətbiqindən əvvəl istehsal edilmiş siqaretlərin bazarda hələ bir il – 2020-ci ilin iyul ayına qədər sərbəst dövr etmək müddəti var.

Siqaret və papiros qutularının xüsusi ştrix-kodlarla könüllü şəkildə nişanlanması ilə bağlı eksperiment keçən il yanvarın 15-də başlanmışdı. Bu il martın 1-dən sonra isə nişanlama məcburi həyata keçirilir. Bundan başqa, Rusiya Federasiyasında digər malların - ətirlərin, fotokameraların, avtomobil təkərlərinin, eləcə də bəzi geyim əşyalarının işarələnməsi ilə bağlı pilot layihələrin həyata keçirilməsinə başlanacaq. Bu malların nişanlanması üzrə eksperimentlər noyabr ayının sonuna qədər davam edəcək. Əgər sınaq uğurla başa çatarsa, qeyd edilən malların nişanlanması 2019-cu il dekabr ayının 1-dən məcburi olacaq. Hökumətin planlarına əsasən, 2024-cü ilə qədər Rusiyada bütün istehlak mallarının nişanlanmasına keçiləcək. Hökumət bununla vergi qaçaqlığının qarşısının əhəmiyyətli şəkildə alınacağına ümid edir.