İcbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsinə dair bukletlər hazırlanıb

2021.04.05 14:35 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli Fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilib. Vergiödəyicilərinin məlumatandırılması məqsədilə icbari tibbi sığorta haqlarının yığımını həyata keçirən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən maarifləndirici bukletlər hazırlanıb.
Dövlət Vergi Xidmətindən bildirilib ki, “İcbari tibbi sığorta haqqı”, “Sərnişin və yük daşıma fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, məcburi dövlət sosial sığorta haqları və icbari tibbi sığorta haqları”, “Aylıq sabit məbləğdə sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta haqları və icbari tibbi sığorta haqları hesablanması və ödənilməsi” və “Muzdlu işlə əlaqədar tutulan gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı” kimi mövzuları əhatə edən bukletlərdə icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi əyani izah edilir.
Bukletlərlə https://www.taxes.gov.az/az/page/vergilere-aid-nesrler ünvanında tanış olmaq olar.