MUSİAD Beynəlxalq Biznes Forumunu Azərbaycanda keçirəcək

2021.04.03 12:10 (UTC+04:00)

Bakıda keçirilmiş Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə dair dəyirmi masa çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MUSİAD) prezidenti Abdurrahman Kaan ilə görüşüb.

KOBİA-dan bildirilib ki, görüşdə agentliyin Türkiyənin müvafiq qurumları, o cümlədən MUSİAD ilə əməkdaşlığı diqqətə çatdırılıb, əlaqələrin inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, 2020-ci il noyabrın 18-21-də İstanbulda keçirilmiş “MUSİAD Expo 2020” sərgisində KOBİA-nın təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” stendi də nümayiş edilib. KOBİA yanında İctimai Şurada MUSİAD-ın Azərbaycan nümayəndəliyi də təmsil olunur.

Əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı görüşdə MUSİAD tərəfindən təşkil olunan Beynəlxalq Biznes Forumunun (İBF) Azərbaycanda keçirilməsi ilə bağlı razılıq əldə edilib.