Türk dünyası yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək

2021.04.02 13:25 (UTC+04:00)

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə çıxışı zamanı qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşməsi rolunu oynayacağını bildirib.

Bu fikrə istinad edən millət vəkili Vüqar Bayramov qeyd edib ki, söhbət 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu (ÜDM) olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir: “Türkiyə 761,4 milyard dollar, Qazaxıstan 181,7 milyard dollar, Özbəkistan 57,9 milyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğıxstan 8,5 milyard dollar nominal ÜDM-ə malikdir. Bu isə o deməkdir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Yeni nəqliyyat dəhlizi xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələrini gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək”.