Almaniya qanuna riayət etmək, qəbul edilmiş qaydaları pozmamaq, intizamlı həyat baxımından dünyanın etalon ölkələrindəndir. Lakin bəzən intizam ifrata varanda lətifəyə çevrilir. Belə lətifələrdən biri də Almaniyanın Ahlen qəsəbəsində vergi borclarına görə bələdiyyənin bir alilənin itini əmlak kimi siyahıya alaraq "eBay" vasitəsilə satması barədədir.
Almaniya mətbuatında yayılmış məlumata əsasən, Ahlen bələdiyyəsi vergi borclarını siyahıya almaq üçün noyabr ayında əmək qəzası keçirmiş sakinlərindən birinin evinə icra məmurlarını göndərib. Ailənin iddiasına görə, icra məmurları əvvəlcə evin ən qiymətli əşyası kimi ailə başçısının əlil arabasını siyahıya almaq istəyib. Lakin araba sığorta şirkətinə məxsus olduğu üçün onlar bu fikirdən daşınmalı olublar. Bunun əvəzinə ailənin Edda adlı iti "eBay" üzərindən 750 avroya satışa çıxarılıb.
Lakin bundan sonra başqa bir lətifə yaranıb. İtin yeni sahibi – polis sistemində işləyən Mikaela Jordan adlı xanım bələdiyyəni məhkəməyə verib. Ona sağlam adı ilə satılmış itin gözündə xəstəlik olduğu, dörd əməliyyat keçirdiyi məlum olub. Jordan cəkdiyi 1.800 avro məbləğində baytar xərclərini bələdiyyədən geri tələb edir. Bələdiyyə tərəfindən verilmiş rəsmi açıqlamada isə vergi borcunun ödənilməsi üçün itin satışa çıxarılması barədə qərarın qanun çərçivəsində olduğu bildirilib.