Vergilər Nazirliyi kadr siyasətinə xüsusi önəm verir

2019.03.01 18:43 (UTC+04:00)

Fevralın 28-də Vergilər Nazirliyinin əməkdaşlarının Sumqayıt Dövlət Universitetinin müəllim və tələbə heyəti ilə görüşü keçirilib. Tədbirdə nazirliyin İnsan resursları departamentinin baş direktorunun müavini Kamran Məmişov, Tədris Mərkəzinin baş müəllimləri Azər Mustafayev və Anar Mirzəyev iştirak ediblər.

Əsas məqsədi gəncləri Vergilər Nazirliyinin kadr siyasəti barədə məlumatlandırmaq, onları gələcəkdə vergi orqanlarında çalışmağa həvəsləndirmək və maarifləndirmək olan tədbirdə çıxış edən Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Aynurə Yəhyayeva, universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov bu cür görüşlərin davamlı xarakter almasında maraqlı olduqlarını qeyd ediblər.

Tədbirdə Vergilər Nazirliyinin əməkdaşları nazirliyin kadr siyasəti, gənclərin peşə hazırlığının artırılması istiqamətində Tədris Mərkəzində görülən işlər, vergi qanunverciliyinə edilmiş son dəyişiklər barədə təqdimatlarla çıxış ediblər.